Avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq. Bakı Şahmat Olimpiadasının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov bildirib.
Əməliyyat Komitəsinin rəhbəri deyib ki, paytaxtımız möhtəşəm şahmat yarışına hazırlaşır: "Sentyabrın 1-dən 13-dək Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə, bu, tarixdə ən yüksək göstəricidir".
O qeyd edib ki, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlərin keçirilməsini də nəzərdə tutub: "Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turist avtobuslarından ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər".