Qətərə səfəri çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Qətər Milli İnsan Haqları Komitəsinin Baş katibi Məryəm Abdulla Əl Attiyav və qurumun beynəlxalq əməkdaşlıq üzrə tədqiqatçısı Najva Əl-Thani ilə görüşüb.
Görüş zamanı Qətər və Azərbaycanın media, vətəndaş cəmiyyəti, insan haqları təşkilatları arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı maraq doğuran birgə layihələrin reallaşdırılması, beynəlxalq təşkilatlarda vahid mövqeyin sərgilənməsi kimi məsələlər müzakirə olunub. Xanım Əl Attiyah Umud Mirzəyevə Qətər Milli İnsan Haqları Komitəsinin fəaliyyətinə dair məlumat verib və Qətərlə Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının qurulmasında maraqlı olduqlarını bildirib. Xanım Najva Əl Thani də öz növbəsində qurumun Azərbaycanla gələcək əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirdiyini vurğulayıb.
Qeyd edək ki, Qətər Milli İnsan Haqları Komitəsi 2002-ci ildə yaradılıb. İnsan haqlarının müdafiəsi və təşviq edilməsi, insanların fərdi inkişaf imkanlarının yaxşılaşdırılması, zorakılığın aradan qaldırılması, insanların heç bir ayrıseçkilik qoyulmadan bərabər, azad və sülh şəraitində yaşamasının qorunması istiqamətində fəaliyyət göstərir.