Apardığı işğalçılıq siyasəti üzündən regionda təklənən Ermənistanın düşdüyü iqtisadi blokadanı yarmaq üçün İrana bəslədiyi ümidlər sabun köpüyünün “taleyini yaşayır”.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bu ölkənin “lragir.am” saytı yazır. Saytın xəbərinə görə, Baş nazir Karen Karapetyanın İran səfərinin ardından mətbuatın günlərdir gözlədiyi, səfərin nəticələrinə həsr olunması gözlənən mətbuat konfransında erməni Baş nazir İran mövzusuna ümumiyyətlə toxunmayıb. Sayt bunu bu günlərdə Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin keçirdiyi üçtərəfli görüş və sözügedən ölkələr arasında sıx sıyasi-iqtisadi inteqrasiya ilə bağlayır. Bildirilir ki, Rusiya kimi, İslam ölkəsi də iqtisadi sferada Azərbaycana üstünlük verməklə öz seçimini edib.
Xatırladaq ki, son zamanlar Ermənistan İranla münasibətləri inkişaf etdirməklə, Fars körfəzi – Qara dəniz dəhlizinin yaradılması ilə Qara dənizin Avropa sahillərinə çıxmağa ümid edirdi. Tehranın Bakı ilə daha da yaxınlaşma kursu isə onu bu ümidlərindən sürətlə uzaqlaşdırır.