Mərkəzi Seçki Komissiyası (MSK) bu il sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində (referendumda) MSK nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin olunması barədə qərar qəbul edib.
Trend-in məlumatına görə, referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər sənədlər müvafiq seçki (referendum) komissiyasına təqdim olunmalıdır. İmza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq MSK tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə işçi qrupu yaradılmalı, komissiyanın həlledici səs hüquqlu üzvlərindən biri qrupa rəhbər təyin edilməlidir.
MSK yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 59.2-ci maddələrinə əsasən qərara alıb ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) zamanı referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə, MSK-da Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın.
MSK-nın üzvü Azər Tağıyev işçi qrupun rəhbəri təyin edilib.
Referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendum öncəsi təşviqat kampaniyasının aparılacağı tarix də açıqlanıb. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendum) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunub ki, referendum qabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, 2016-cı il sentyabrın 3-də başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək, sentyabrın 25-i saat 8.00-da dayandırılır.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsi Referendum Aktına rəy verib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla referendum 2016-cı il sentyabrın 26-na təyin edilib.
Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.