İrəvanın Azadlıq meydanında mitinqə toplaşmış insanlar son günlər gərgin olayların yaşandığı Xorenatsi küçəsinə doğru yürüş edib.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, mitinqin aparıcısı Albert Baqdasaryan bəyan edib ki, yürüş polis idarəsi, Milli təhlükəsizlik xidmətinin binası qarşısından keçməklə hökumət evinə qədər davam edəək. Lakin gərgin olayların yaşandığı küçəyə doğru yürüş etmək istəyən əksəriyyət onun bu təklifinə çıxışını fitə basmaqla etiraz edib. Baqdasaryan isə Xorenatsi küçəsinə yürüşü məqbul saymayıb və bunun provokasiya doğura biləcəyini deyib. "Milli müqəddəratın təyini” ictimai birliyinin sədri Qagik Saruxanyan Xorenatsi yürüşünü sabaha saxlamağı təklif edib. Lakin onun da təklifi fitə basılıb. Siyasi aktivist Arqişti Kivvirin isə deyib ki, İrəvanın boş küçələrini dolaşmağın bir anlamı yoxdur. O deyib ki, polisin yaraladığı silahlı dəstə üzvlərindən biri reanimasiyadadır və heç bir zəmanət yoxdur ki, bu təkrar olunmayacaq. Onun fikrincə, burada koordinasiya şurasına, rəhbərə ehtiyac yoxdur və hər kəs nə edəcəyinə özü qərar verməlidir. Bu gün baş verənləri isə o, "siyasi demaqogiya” adlandırıb.