Azərbaycanda sentyabrın 26-da keçiriləcək Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında məlumat verilib.
İclasda "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib.
MSK-nın katibi Arifə Muxtarova bildirib ki, referendumla bağlı bildirişlərin hazırlanması ilə əlaqədar tələblər avqustun 17-dək təsdiqlənəcək. Səsvermədə exit-poll keçirmək istəyən təşkilatlar sənədlərini sentyabrın 6-na kimi MSK-ya təqdim edə bilərlər. Avqustun 16-dək isə bununla bağlı qərar veriləcək. Səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək.
İclasda referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və işçi qrupu yaradılıb. Ekspert qrupları seçki komissiyalarına daxil olmuş şikayətlərin araşdırılması ilə məşğul olacaqlar.