Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Qarabağda təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsi üzrə razılığa gəliblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu amerikalı həmsədr Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, hər tərəfdən yüksək vəzifəli rəsmi şəxslərin cəlb edilməsi ilə münaqişənin nizamlanması üzrə geniş danışıqların davam etdirilməsi planlaşdırılır.
Amerikalı həmsədr deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündən tərəqqi gözləyir.
Onun sözlərinə görə, prezidentlərin gözlənilən görüşü tərəflərin atəşkəs rejiminə sadiq qalmaq istəklərini nümayiş etdirməlidir.
C.Uorlik qeyd edib: "Gözləyirik ki, tərəflər atəşkəs rejiminə dəstək verilməsi üzrə prezidentlərin ifadə etdikləri hazırlıq fonunda üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalacaqlar".