Ermənistan prezidenti Serj Sarkisyanın Rio-de-Janeyroya nəzərdə tutlan səfəri ölkə içində yaşanan olaylarla bağlı təxirə düşə bilər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Иратес de facto” qəzeti yazır. Qəzet bildirir ki, avqustun 5-nə nəzərdə tutulan Rio səfəri ətrafında maraqlı vəziyyət yaranıb. Belə ki, Ermənistanın MOK rəhbəri məhz Olimpiadanın açılışında iştirak etmək məqsədilə təyyarə icarəyə götürüb və həmin təyyarə ilə Serj Sarkisyanla birlikdə avqustun 5-də Rioya uçmaq, Olimpiadanın açılış törənlərində iştirakın ardından bir neçə gün sonra ölkəyə qayıtmaq nəzərdə tutulmuşdu. Qəzetə görə, bu səfər həm də siyasi önəm kəsb edirdi. Belə ki, Sarkisyan bu səfərlə dünya ictimaiyyətinə göstərmək istəyirdi ki, aprel savaşından sonra Ermənistanda hər şey qaydasındadır. Eyni zamanda o, səfər çərçivəsində bəzi beynəlxalq liderlərlə görüşüb bir sıra məsələləri müzakirə etməyi planlaşdırırdı. Lakin ölkəsində baş verənlər, belə görünür ki, Sarkisyanın arzusunu gözündə qoyacaq.
Hazırda elə ölkəsi daxilində bir çoxları Sarkisyanın bu səfərinin reallaşacağına şübhə ilə yanaşır. Lakin paytaxt İrəvanı çalxalayan müxalifətin dirənişi tezliklə yoluna qoyularsa, qəzet bu səfərin gerçəkləşməsini zəruri sayır.