İrəvanın Erebuni rayonunda iyulun 17-dən polis binasını ələ keçirən silahlı dəstə ilə polis arasında atışma olub.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, 1 polis nəfəri və 2 silahlı qrup üzvü yaralanıb. Onların hər üçü xəstəxanaya qaldırılıb.
Ermənistan polisinin mətbuat xidmətinin sözçüsü Aşot Aqaronyan isə deyib ki, qrupun daha 2 üzvü – Qagik Yegiazaryan və Aram Akopyan isə könüllü olaraq polisə təslim olub. Aqaronyan onu da deyib ki, hazırda atışma dayandırılıb və silahlı dəstənin qalan üzvlərinin də təslim edilməsilə prosesə son verilməsi üzrə danışıqlar gedir.
Öz növbəsində, "Sosna dzrer” adlanan qrup bəyan edib ki, polisin onlara hücumu nəticəsində 4-5 nəfər yaralanıb. Eyni zamanda, polis 4 yaralını oğurlayıb. Daha sonra alınan xəbərə görə, silahlı qrup yaralı üzvlərinin köməyinə gələn həkimləri də girov götürüb. Bu barədə də Ermənistan polisinin mətbuat sözçüsü Aşot Aqaronyan bildirib. Onun sözlərinə görə, qrupun yaralı üzvlərinin yaxınları onlara həkim yardımı üçün müraciət ediblər, lakin qrup təklif edilən yardımı qəbul etməyib. Bundan bir qədər sonar qrup özü yardım istəyib və yaralıların vəziyyətinin ağır olduğunu deyib. Dərhal onların köməyinə gələn həkim briqadasını isə girov götürdüklərini bəyan ediblər.
Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanın erebuni rayonunda polis alayının binasına hücum edib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Silahlılar bu günə kini binanı əlində saxlayaraq hakimiyyətdən tələblərinin yerinə yetirilməsini istəyirlər.