Türkiyə Baş naziri Binali Yıldırım İngiltərənin "The Guardian” qəzetinə iyulun 15-də baş tutmayan çevriliş cəhdi ilə bağlı açıqlama verib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, Baş nazir açıqlamasında Türkiyə ilə ABŞ arasında çox uzun keçmişə dayanan dostluq və əməkdaşlıq münasibətləri olduğu halda ABŞ-ın Fətullah Gülənin yanında yer alacağına inanmadığını bildirib.
"The Guardian”-ın internet səhifəsində bu gün yayımlanan reportajda Yıldırım deyib ki, çevrilişin qarşısının alınmasının ardından gözaltına alınan əsgər üniformalı insanlar "dərhal bülbül kimi ötməyə” başladılar. Bəlli oldu ki, Baş Qərargah rəisini girov götürərkən ona bu terror qrupunun liderinin Fətullah Gülən olduğunu bildiriblər və onunla telefon əlaqəsi yarada biləcəklərini deyiblər.
Gülən ABŞ-a sığındığına görə insanlarda bu ölkənin çevriliş cəhdində iştirak payı ilə bağlı bir sıra sualların yarandığını deyən Baş nazir "Gülən dosyesi”nin hələlik ABŞ-a göndərilmədiyini deyib, lakin bu dosye göndərildikdən sonra olayla bağlı heç bir şübhəyə yer qalmayacağını da sözlərinə əlavə edib.