Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
2016-cı il iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunda partlayış baş vermiş, nəticədə yaralananlar vardır.
Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri
Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru
Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Vilayət Eyvazov – Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Faiq Tağı-zadə – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Mərdan Camalov – Şirvan şəhəri icra hakimiyyətinin başçısı
2. Dövlət Komissiyası:
- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;
- hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etsin;
- görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Baş Prokurorluğu Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirsin.