Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın və kütləvi informasiya vasitələrində dərc edilsin.
Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilir.
Azərbaycan Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu sərəncamda göstərilən tarixdə keçirilməsini təmin edəcək.
Nazirlər Kabinetinə ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək tapşırılıb.
Bu arada, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçirilməsi nəzərdə tutulan referendumla bağlı bəzi normativ aktlara dəyişiklikləri müzakirəyə çıxarıb. MSK katibi Arifə Muxtarova bildirib ki, referendumun hazırlanıb keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yaranıb.
MSK 6 normativ xarakterli akta dəyişikliyi müzakirəyə çıxararaq qəbul edib.
İclasda həmçinin 3 və 29 iyun 2016-cı il tarixli iclasların protokolları təsdiq edilib.