Rusiya Türkiyəni Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməkdə ittiham edir. Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, belə bir bəyanatla Rusiyanın ATƏT yanında nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib. "Rossiya-24” telekanalına müsahibəsində Lukaşeviç deyib:”Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək destruktiv addımdır və davamlı ola bilməz. Türkiyə də Azərbaycanı dəstəkləməklə məhz bu addımı atır”.
Burada öncə Lukaşeviçin nəzərinə onu çatdırmaq lazım gəlir ki, Rusiya hər zaman bu münaqişədə bir tərəfin - Ermənistanın yanında və arxasında olub. Əgər bir tərəfi dəstəkləmək beynəlxalq hüquqa ziddirsə, Rusiyanın 24 ildir davam edən bu açıq-aşkar dəstək pozisiyalarını necə izah etmək olar? Üstəlik, az qala bütün dünya dövlətləri Dağlıq Qarabağın Azərbaycan ərazisi olması gerçəyi ilə razılaşır və o üzdən də ermənilərin dünyaya sırımağa çalışdığı "respublika” heç özünün parlamenti tərəfindən tanınmır. Türkiyəyə gəldikdə isə, Azərbaycanla dini bir, dili bir dövlət olsa da, o ilk növbədə haqqın yanındadır. Çünki türk milləti heç zaman nahaqqa boyun əyməyib.
Burada maraqlı cəhət isə odur ki, Türkiyənin Qarabağ münaqişəsində Azərbaycanın yanında olması Rusiya – Türkiyə münasibətlərinin pozulmasından sonra bu ölkə rəsmilərinin "yadına düşüb”. Bu halda ortaya maraqlı sual çıxır: "Bu vaxta qədər hara baxırdınız, cənablar?”