İŞİD-in əlindəki silahların əksəriyyəti Rusiya istehsalıdır. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, belə bir açıqlama ilə "Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının araşdırmaçısı Patrik Uilken çıxış edib. Onun sözlərinə görə, bu silahların çoxu Rusiyada və keçmiş SSRİ ölkələrində istehsal olunub. Yalnız az bir qism silahı ABŞ istehsalı təşkil edir.
2013-2014-cü illərdə İraqda dayaqlarını bərkidən İŞİD özünün silah tələbatını nəzarətinə keçirdiyi İraq ordusunun hərbi hissələri hesabına təmin etdiyini deyən Uilken bildirib ki, buradakı nəzarətsizlik uzun illər İŞİD üçün silah axınını əlçatan edib. Onun sözlərinə görə, söhbət Rusiya, ABŞ, NATO ölkələri, Çin və İran istehsalı silahlardan gedir. Hələ 2003-cü ildən regionda silah axınının nəzarətdən kənar qalmasına diqqət çəkən Uilken onu da bildirir ki, İŞİD-in hazırda istifadə etdiyi silahların çoxu ötən əsrin 70-ci illərinin istehsalıdır. Bunu isə o, İran-İraq müharibəsi ilə əlaqələndirir və bildirir ki, o zaman Rusiya İraqın bir nömrəli silah təchizatçısı idi.
"Amnesty International”-ın məruzəsində İŞİD-in silahlanmasında Rusiya istehsalı silahların çoxluq təşkil etdiyinə diqqət çəkilsə də, ABŞ –ın bu sırada ikinci yerdə durduğu da nəzərdən qaçırılmır.