Bu gün səhər saatlarında Egey dənizində Rusiya gözətçi gəmisi ilə Türkiyə balıqçı gəmisi arasında insident yaşanıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Rusiyanın "Smetlivıy” gəmisindən türk balıqçı gəmisinə xəbərdarlıq atəşi açılıb. Rusiya tərəfi balıqçı gəmisinin Rus gəmisinə doğru istiqamət götürdüyünü və radioəlaqəyə çıxmadığını bildirir. Qeyd olunur ki, arada 600 metrlik məsafə qaldıqda Rusiya gəmisi atəş açmaq məcburiyyətində qalıb. Xəbərə görə, bununla bağlı Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Türkiyənin Rusiya Səfirliyinin hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət edib.
Olayla bağlı ilk açıqlama Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlundan gəlib. Çavuşoğlu balıqçılarla görüşdükdən sonra açıqlama veriləcəyini bildirib.
Öz növbəsində "Geçiciler Balıkçılık” türk balıqçı gəmisinin sahibi bildirib ki, onlara Rusiyanın "Smetlivıy” gəmisindən heç bir atəş açılmayıb. "Smetlivıy” hərəkətdə deyildi. Bizə də atəş açmayıb. Açıbsa da, biz bunu eşitməmişik” – deyə "Geçicilər Balıkçılık kompaniyasının başçısı Müzəffər Geçici CNN Türkə bildirib. Kompaniya rəhbəri onu da bildirib ki, müşahidə kamerasının görüntüləri sahil mühafizə xidmətinə təqdim olunub. Məsələni TASS-a şərh edən Sevastopol vilayətinin qubernatoru Sergey Minaylo isə deyib ki, NATO gəmisi bu halda balıqçı gəmisini məhv edərdi.