Rusiyanın Türkiyə mallarının idxalına sanksiya tətbiq etməsi bu ölkənin özündə daha bir önəmli sənaye sahəsinin işinin iflic olmasına səbəb olmaqdadır. Bu, Rusiyanın trikotaj sənayesidir. Məsələ burasındadır ki, ölkənin böyük partiyalarla və saysız çeşiddə idxal etdiyi trikotaj məhsulları ilə yanaşı, Türkiyədən həm də yerli istahsal üçün parça və materiallar idxal edilirdi. Yəni yerli trikotaj məhsullarının əksər növünün Türkiyə istehsalı materiallardan tikilməsi Rusiyanın özünün trikotaj sənayesini, qismən də olsa, bu ölkənin idxal məhsullarından asılı vəziyyətə salmışdı. Beləliklə, Su-24 qalmaqalının ardından Rusiyanın Türkiyəyə qarşı aqressiv davranaraq onunla bütün əlaqələri kəsməsi onun özündə daha bir önəmli sektorun işində ciddi problemlər yaradıb.
Artıq yerli mətbuat bu barədə həyəcan təbili çalır. Bildirilir ki, "mall”ların bahalı məhsulları əhalinin böyük qisminin cibinə uyğun olmadığından, Türkiyə istehsalı və ya Türkiyə xammalından hazırlanan yerli istehsal trikotajlar əksəriyyət üçün əlçatanlığı ilə seçilirdi. Bu trikotaj növlərinə isə istər alt paltarlar,istər ev geyimləri, istərsə də idman formaları və futbolkalar aid idi. Mətbuatda bu mövzuda yer alan yazılarda o da bildirilir ki, hazırda əhalinin böyük qismini təşkil edən kasıb təbəqə bazarlarda satılan Çin məhsullarına üz tutmağa məcbur olur ki, onun da keyfiyyətindən danışmağa dəyməz. Üstəlik Çin məhsullarının bir ölçü problemi də var ki, Rusiyada,tutalım, qadın alt paltarları 62 ölçüyə qədər istehsal olunduğu halda Çində bu ölçüdə nə adam var, nə də satlıq məhsul.
Rəsmi rəqəmlərə görə, məlum qalmaqala qədər Rusiya özünün trikotaj sənayesi üçün Türkiyədən ildə 191 milyon dollarlıq parça məhsulu alırdı. Bu boyda idxalın tez bir zamanda hansı ölkə hesabına əvəzlənəcəyi qaranlıqdır və mütəxəssislər bu yöndə hələlik optimist düşünmürlər. Üstəlik Türkiyə məhsulları həm keyfiyyəti, həm də münasib qiymətilə seçilirdi ki, hazırda buna alternativ tapmaq asan görünmür. O üzdən artıq xırda topdansatış mərkəzlərinin bağlanma problemi ilə üz-üzə qaldığı bildirilir.
Beləliklə, anti-Türkiyə sanksiyaları artıq Rusiyanın özündə çətinliklərə yol açmaqdadır və bu hələ başlanğıcdır. Qərbin sanksiyaları üzündən valyutası əhəmiyyətli dərəcədə dəyər itirən, valyuta sıçramaları ilə onsuz da istehsalın bütün sahələrində çətinliklər yaşayan Rusiya rəhbərliyi görəsən fərqindədirmi ki, tətbiq etdiyi anti-Türkiyə sanksiyaları ilə daha çox özünün sadə vətəndaşlarını cəzalandırır? Bunu biz demirik, faktlar deyir...
Samirə SƏFƏROVA