Suriyanın Hələb şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyiılə əfqan milisindən formalaşdırılmış Fatimiyyun batalyonlarının komandiri Hüseyn Fərdayi qətlə yetirilib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Yarırəsmi Tasnim agentliyinin xəbərinə görə, əfqan mənşəli komandir dünən Hələbdə öldürülüb. Xəbərdə o da bildirilir ki, Fərdayi həmin batalyonların təsisçilərindən biri olub. Fatimiyyun batalyonunda əfqan milisinin ümumi sayı 4500 nəfər təşkil edib. İranın Suriyaya döyüşə göndərdiyi bu batalyona SEPAH nəzarət edir. Bu ilin mart ayında Deraada gedən döyüşlər zamanı batalyon ilk komandir qurbanını vermişdi - əfqan milisinin lideri Əli Rza Tevessüli öldürülmüşdü. İyun ayında Fatimiyyun daha bir komandirini – Rza Xavərini itirdi. İran informasiya agentliklərinin xəbərinə görə, Fatimiyyun Suriyada ümumilikdə 100 nəfər döyüşçüsünü itirib.