Nardaran hadisələri ilə bağlı qəsəbədə daha bir məscidin axundu həbs edilib. Bu barədə Trend-ə Nardaran sakinləri bildiriblər. Sakinlərin sözlərinə görə, həbs olunan şəxs Nardaran qəsəbəsində Ağa məhəlləsində Cümə məscidinin axundu olduğunu iddia edən Hacı Ataməli Nurdur. O, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 30 sutkalıq inzibati həbs seçilib.
Sakinlərin sözlərinə görə, hazırda Hacı Ataməli Nur Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Hacı Ataməli Nurun Nardaran hadisələri ilə bağlı həbs olunduğu bildirilir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, Nardaran Cümə məscidi QMİ-də qeydiyyatdan keçib və oranın axundu Hacı Musa Qasımov təyin edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə Nardaran qəsəbəsində evdə qumbara və 3,95 qram heroin aşkar edilib. "F-1” qumbarası və 3,95 qram heroin Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evində aşkarlanıb. Silahı və heroin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.
Bununla yanaşı polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən içərisində "AKS” markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapılıb.