"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi fasiləsiz olaraq tədbirlərini davam etdirir.
Trend Nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 10-da saat 15:35-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5” gəmisindən 5 nəfər tərkibdə təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə 10-cu özülə desant edilib.
Özülə desant edilən qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin ediblər.
Bu gün isə saat 09:00-da "Vixr-8” gəmisindən 4 nəfər tərkibdə qrup 10-cu özülə desant edilib.
Özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi vaxt ərzində yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edirlər.
Bu arada "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin dünən aparılan axtarışları da bir nəticə verməyib. Xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq itkin düşmüş neftçilərin helikopter və gəmilərin köməyi ilə axtarışları yenidən bərpa edilib.
Qərargahdan qeyd ediblər ki, platformada hələ də davam edən yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.
FHN-dən APA-ya verilən məlumata görə, hazırda Nazirliyin "Vixr-5” və "Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və "B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işlərini davam etdirir.
Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.