Türkiyə ilə yaşadığı təyyarə qalmaqalınnın ardından bu ölkəyə turpaketləri ləğv etdirən, hətta Türkiyəyə gedişlərə rəsmi şəkildə qadağa qoyan Rusiya hökuməti bununla Türkiyəni cəzalandıracağını və bu ölkənin turizminə ciddi ziyan vuracağını düşünərkən özü də qibtə edilməyəcək vəziyyətə düşüb. Məsələ burasındadır ki, Türkiyə ilə təyyarə qalmaqalından daha öncə Rusiyanın sərnişin təyyarəsi Misirin Sinay yarımadası üzərində vurulmuş, nəticədə 224 nəfər həyatını itirmişdi. Bu hadisədən dərhal sonra Rusiya Misirin Şarm-əl-Şeyx turizm bölgəsinə həm uçuşları, həm də turizm göndərişlərini dayandırdı. Ardınca Türkiyənin də "qadağa zonası” elan edilməsi isə Rusiya hökumətini çətin durum qarşısında qoydu. Nəzərə alınsa ki, bu ölkənin illik turist göndərişi limiti 8 milyon nəfərdən az təşkil etmir, o zaman bu ehtiyacın hansı ölkə və ya ölkələr hesabına qapadılacağı maraq doğurur. Üstəlik, Rusiyadan istər Misirə, istərsə də Türkiyəyə turpaketlərin qiyməti digər turizm bölgələri ilə müqayisədə əhəmiyyətli dərəcədə əlçatan olduğundan, bu istiqamətlərə üz tutanlar daha çox idi. İndi məhz bu səbəbdən hökumətin öz cığallığı üzündən qadağa qoyduğu istiqamətlərə alternativ marşrut kimi haranı təklif edəcəyi xüsusi maraq doğurur.
Daha bir çətinlik isə turpaketlərin qabaqcadan sifarişi ilə bağlıdır. Bəllidir ki, turoperatorlar aylar öncə edilən sifariş üçün xeyli endirim etdiyindən, əhalinin nisbətən aztəminatlı hissəsi turpaketlərin məhz bu kateqoriyasından yararlanır. Hazırkı situasiyada isə Rusiya hökuməti ya bu pulları qaytarmalı, ya da alıcıların zövqünə və təbii ki cibinə uyğun turizm regionu təklif etməlidir. Bu isə indiki halda xeyli çətin görünür.
Rusiya Turoperatorlar Assosiasiyasından bildiriblər ki, təkcə Misirə qadağalar daha bir neçə ay sürərsə, ölkənin turizm biznesi 200 milyon dollar ziyan çəkəcək. Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Yuri Barzıkinin sözlərinə görə, hazırda turoperatorlar hökumətdən 1,5 milyard rubl kompensasiya gözləyirlər ki, bu vəsaitin bir hissəsi artıq aviadaşımalara, otel sifarişinə və digər bu kimi ilkin ödənişlərə sərf olunub. Bu, təkcə Misirə sifariş olunan və gedilməyən turpaketlərin geri qaytarılmasını təmin etmək üçündür. "Ümid edirik ki, hökumət bu vəsaiti ilin sonuna kimi bizə ödəyəcək” - deyə Barzıkin bildirib. Rusiya Baş nazirinin müavini Olqa Qolodetsin sözlərinə görə, hökumət ilin sonuna kimi bu məsələni yoluna qoymaq fikrindədir və ayın axırı bununla bağlı iclas keçiriləcək: "Bizim başqa variantımız yoxdur və hazırda biz bu məsələnin həlli ilə məşğuluq” - deyə o, bildirib.
Belə görünür, Putinin "hirsli başla” verdiyi qərar onun özünə problem yaratmağa başlayıb. Atalar boş yerə məsəl çəkməyib axı...
Bakı-xeber.com