APA-nın yerlu bürosunun xəbərinə görə, Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Mərkəzdə yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
T. Sadıqov ermənilərin atdığı, evin həyətinə düşən mərminin partlaması nəticəsində xəsarət aldığını deyib.
Dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.
Trend-in məlumatına görə, Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcəkdir.