Trend-in məlumatına görə, bu barədə "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.
B.Ağarəhimov bildirib ki, hazırda 5 gəmi yanğının söndürülməsi işlərini davam etdirir.
O, əlavə edib ki, sabah SOCAR ilə ABŞ-ın "Boots and Coots” şirkəti arasında yanğının söndürülməsi ilə bağlı görüş keçiriləcək: "Onlar bizdən yanğın baş verən platformanın və avadanlıqların sxemini istəyiblər. Sabah müzakirələrdən sonra qərar veriləcək ki, yanğının söndürülməsi işləri neçə saat və neçə gün davam edəcək”.
10-cu özüldə hasilat dayandırılır
B.Ağarəhimov qeyd edib ki, hava şəraitinin pis keçməsi ilə əlaqədar sualtı axtarış işləri dayandırılıb: "Hazırda küləyin sürəti 18-23 metrə çatır. Bu şəraitdə sualtı axtarışlar təhlükəlidir”.
B.Ağarəhimov deyib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir: "Yanğının söndürülməsinə 5 gəmi cəlb olunub”.
Baş mühəndis əlavə edib ki, yanğının qarşısını almaq məqsədilə "Günəşli" yatağında 10-cu özüldə hasilatın tamamilə dayandırılması planlaşdırılır.
Sosial şəbəkələrdəki görüntülər həqiqi deyil
SOCAR rəsmisi "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın zamanı həlak olanların xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə də münasibət bildirib.