"Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları bu gün də davam etdirilib, amma təəssüf ki, axtarış işləri saat 20:00-a olan vəziyyətə görə heç bir nəticə verməyib". Trend-in məlumatına görə, bu barədə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.
N.Quliyev bildirib ki, hava proqnozlarına görə küləyin sürəti bir qədər artacaq: "Təbii ki, küləyin sürəti nəzərə alınaraq, hava şəraitinin imkan verdiyi dərəcədə axtarışlar davam etdiriləcək. Biz ümidimizi üzmürük. İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək. Mən sizi əmin edə bilərəm”.
O vurğulayıb ki, yanğının söndürülməsi ilə bağlı işlər davam edir: "Yanğının söndürülməsi istiqamətində işlər bir an belə dayanmır. "Günəşli" yatağının yanğın baş verən 10-cu özülünə elektrik enerjisinin və rabitənin bərpası istiqamətində də işlər davam edir”.
SOCAR-ın mətbuat katibi deyib ki, yanğın müəyyən dərəcədə nəzarət altına alınıb.
Yanğının söndürülməsində SOCAR-a kömək edəcək şirkətin adı da məlum olub. "APA-Economics"in məlumatına görə, bu barədə SOCAR-ın "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov açıqlama verib: "Bu, "Boots and Coots”şirkətidir. Onlar 10-cu dərin dəniz özülündə olublar. Hazırda 5-ci özüldə öz texnikasını qurmaqla və gələcək fəaliyyət planını hazırlanması ilə məşğuldurlar”.
O bildirib ki, artıq "Günəşli” yatağının 10-cu dərin dəniz özülündə elektrik enerjisinin bərpasına da cəhd edilib: "Bununla bağlı işlər davam etdirilir”.
Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Sabaha tufan xəbərdarlığı verilib. Əgər bu proqnoz əksini tapsa, böyük gəmilər öz işini davam etdirəcək, kiçik gəmilər isə qəza baş verən ərazini tərk edəcəklər. Hazırda qəza yerində 2 "Vixr” gəmisi və 1 ədəd "Topaz” gəmisi yanğının söndürülməsində iştirak edirlər”.