"Neft Daşları"nda baş verən qəza nəticəsində itkin düşmüş 3 neftçinin axtarışları ilə əlaqədar sualtı axtarışlara başlanıb. "APA-Economics"in xəbərinə görə, bu barədə "Azneft" İstehsalat Birliyin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
B. Ağarəhimov bildirib ki, axtarışlar "Geofizika" gəmisi ilə aparılır: "Dünən başlamaq istədiyimiz axtarışlar güclü külək, suyun bulanıq olması səbəbindən effekt verməyib. Bu gün dənizin nisbətən sakitləşməsi imkan verir ki, bu axtarışları suyun altında da davam etdirək. İlk öncə axtarışlar 501 saylı, ondan sonra yaxın estakadalarda davam etdiriləcək. Bu sahədə FHN-in vertolyotları da axtarışları davam etdirir".
"Neft Daşları”nda baş verən qəza ilə bağlı cinayət işi də başlanıb. Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, dekabrın 4-də "Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 4-də "Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.