Berlin Moskva ilə İŞİD-ə qarşı hərbi ittifaqda birləşmək niyyətində deyil.Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə federal kansler aministrasiyasının başçısı Peter Altmayer bəyan edib.
"Sözsüz ki, biz İŞİD-lə mübarizədə Rusiya ilə ittifaqda olmayacağıq” – deyə Altmayer "Spiegel” jurnalına müsahibəsində bildirib. Daha öncə isə AFR-in müdafiə naziri Ursula fon der Layen bəyan etmişdi ki, alman HHQ-nin Suriyadakı plan və marşrutları barədə məlumatlar Rusiyaya təqdim olunmayacaq.
Altmayer onu da əlavə edib ki, istər Almaniya, istərsə də AB Suriya prezidenti Bəşər Əsədlə də əməkdaşlıq etmək niyyətində deyil. Onun sözlərinə görə, minlərlə suriyalının qaçqın düşməsinə səbəb olan suriya ordusu ilə də əməkdaşlıq söhbət mövzusu deyil.
Qeyd edək ki, ötən cümə Almaniya parlamenti bundesverin Suriyada anti-İŞİD mübarizəsində iştirakını təsdiq edib. Bu məqsədlə orduya verilən bir illik mandat çərçivəsində Suriyaya göndərmək üçün 1200 hərbçi, "Tornado” kəşfiyyat təyyarələri, yanacaqdolduran təyyarə və Aralıq dənizində "Şarl de Qoll” fransız aviadaşıyıcısı üçün yedək gəmisinin göndərilməsi nəzərdə tutulur.
Missiyanın 134 milyon avroya başa gələcəyi bildirilir.