SOCAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadə "Günəşli” platformasında yaşanan faciə və xilasetmə əməliyyatını şərh edərkən maraqlı nüansa diqqət çəkib. Onun sözlərindən bəlli olub ki, xilasedici gəmilər bugünkü tələblərə cavab vermir.
"1957-ci ildə o vaxta kimi görülməyən bir hadisə baş verdi. Hadisə zamanı küləyin sürəti saniyədə 43 metrə çatırdı. Azərbaycanda bu cür külək son yüz ildə qeydə alınmamışdı. Ondan sonra dalğanın hündürlüyü 13 metrə qədər qalxdı. Estakadanın böyük bir hissəsini su yuyub apardı. Ondan sonra su daha bir platformanı yuyub apardı. O vaxt 22 nəfər dənizə düşüb boğulmuşdu. O vaxta kimi layihələndirilmiş estakadalar bu hündürlüyə, yəni 13 metrə qədər hesablanmamışdı. Ondan sonra biz bu günə qədər nə iş görürüksə, 13 metrəni nəzərə alıraq estakadanı o hündürlüyə qədər qaldırırıq. O vaxtdan etibarən bizdə belə bir hadisə olmayıb. İndi burda biz nəyin şahidi olduq. Külək 27 saat davam etdi. Məhz küləyin uzun bir müddət davam etməsi nəticəsində dalğanın hündürlüyü 8-10 metrə çatdı. Bundan sonra biz fikirləşib bundan nəticə çıxarmalıyıq. Belə bir hadisənin bir daha baş verməməsi üçün layihələndirmə zamanı bu hal nəzərə alınsın. Bundan başqa, onlar xilasedici gəmidən bu küləkdə, bu dalğada suya düşsəydilər belə üzə bilməyəcəkdirlər. Dalğa onsuz da xilasedici gəmini ora-bura vuraraq məhv edəcəkdi. Fikirləşmək lazımdır ki, xilasedici gəmilərin konstruksiyası necə olmalıdır. ", - Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, platformada 63 nəfərin olmasının səbəbi isə orada daha 4 quyunun qazılması niyyəti olub:”Ona görə orada həm tikinti işlərini aparanlar, həm də qazmaçılar vardı. Buna görə də onların sayı 63 -ə çıxmışdı. Əgər orada həm qazmaçılar, həm də tikintini həyata keçirənlər olmasaydı, əlbəttə, bu qədər adam olmayacaqdı" – deyən X.Yusifzadə belə qeyri-münasib hava şəraitində bu işlərin nədən təxirə salınmadığına isə aydınlıq gətirməyib.
Baki-xeber.com