"Günəşli" yatağında baş verən yanğın nəticəsində xəsarət alan şəxslərdən yalnız 7-si stasionar şəraitdə müalicə olunur. Bu barədə "Trend”-ə Mərkəzi Neftçilər Xəstəxanasının təcili yardım şöbəsinin müdiri Raud Əsədov deyib.
Onun sözlərinə görə, xəstəxanaya ümumilikdə 32 xəstə yerləşdirilib. Onlardan 25 nəfər ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qalan 7 nəfər isə hazırda stasionar şəraitdə müalicə olunur. Onlardan 1-i qadın, 6-sı kişidir. R.Əsədov deyib ki, xəstələrin heç birinin vəziyyəti ağır deyil.
Xatırladaq ki, ötən gün axşam saatlarında "Günəşli” yatağındakı 10-cu özüldə qaz xəttinin sıradan çıxması nəticəsində güclü yanğın baş verib.
Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb. Buna baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilib.
Hadisə ilə əlaqədar "Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005