Bu gün axşam saatlarında "Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib. "Trend” SOCAR-ın saytına istinadən məlumat verir ki, güclü tufan saat 17:40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. İlk növbədə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb.
Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar "Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. Yanğın nəticəsində ölən və yaralananın olmadığı bildirilir. Lakin yanğın hələ davam edir. Hündürlüyü 10-11 metrə çatan dalğalar yanğınsöndürmə işlərinə mane olur.