Bu yaxınlarda "Jurnalistlər binası”nın yol probleminin 2 illik əziyyətlərdən sonra nəhayət çözüldüyünü yazmışdıq. Bildirmişdik ki, binanın qarşısından keçən şosse yolunun ikitərəfli hərəkət sisteminə keçirilməsi sakinlərin – təbii ki, şəxsi və ya xidməti maşını olanların – evə dönüşünü xeyli asanlaşdırıb. Sakinlərlə söhbətimizdən isə belə məlum olur ki, şad xəbər kimi təqdim etdiyimiz yenilik əslində binaya gediş-gəliş məsələsinin rahatlaşmasına bir elə də təsir göstərməyib. Belə ki, sözügedən yeniliyə qədər sakinlər evə qayıdarkən 20-i Sahə dairəsini "ziyarət etmək” məcburiyyətində qalırdısa, indi həyətin çıxışında qoyulan yol nişanının şəhər tərəfə istiqaməti yasaqlaması səbəbindən ya həmin "kruq”a çıxmalı, ya da Bibiheybət məscidinə qədər olan xeyli məsafəni qət edib yenidən həmin yolu qayıtmalıdır. Səhər-səhər işə tələsən insanlar üçün bunun nə qədər vaxt və əsəb itkisi olduğunu əlavə şərhə ehtiyac yoxdu. 20-ci Sahəyə gəldikdə isə, nəzərə alınsa ki, bura həm də bir çox marşrutların son dayanacağıdır və bu üzdən bir çox hallarda avtobuslar ard-arda düzülür, buradakı sıxlığı-qələbəliyi təsəvvür etmək çətin olmaz.
Bu, qeyd etdiyimiz kimi, maşını olan sakinlərin problemidir. İndi gələk sakinlər arasında əksəriyyət təşkil edən piyadaların yaşadığı sorunlara. Bu qisim sakinlər də avtobusa minmək üçün sözügedən dairəyə qədər piyada getmək məcburiyyatində qalsa da, bəzi ensiz-yöndəmsiz ara küçələr də var ki, Muxtarov istiqamətindən gələn şosse yoluna çıxır. O üzdən bir çox piyadalar, narahat olsa da, nisbətən qısalığı səbəbindən bu yolla marşrutlara çıxışı özü üçün əlçatan edirdi. Sözügedən "yol islahatı” ilə isə bu "yüngülləşdirici hal” da sakinlərin əlindən çıxıb. Belə ki, marşrut avtobuslarının yolu dəyişdirildiyindən onlar binanın düz qarşısı ilə hərəkət etməyə başlayıb. Yəqin deyəcəksiz bunun nəyi pisdir, istədiyiniz elə bu deyildi? Bəli, sakinlərin çoxdan arzusunda olduğu məhz bu idi, amma... Əmması odur ki, dayanacaq və ya müvafiq işarə qoyulmadığından, sürücülərin bu yolda maşın saxlaması yasaqdır. Beləliklə, bu islahatlar sakinlərin "kəsə yol lüksü”nü də əlindən alıb.
Gəzən şayiələrə görə, indi də buradan yeni marşrutun açılması gözlənir. Gözlənirsə, gözləyərik, amma bir şey çox maraqlıdır: bu yenilikləri bir-bir tətbiq etməkdənsə, bütün neqativlər nəzərə alınmaqla mükəmməl bir layihə hazırlayıb birdəfəlik icrasına başlamaq bu qədərmi çətin idi? Sonucda qlobal bir problem həll olunmurdu axı...
Baki-xeber.com