Bu gün Berlinin mərkəzində - Brandenburq darvazaları önündə min nəfərdən artıq insanın iştirakı ilə etiraz aksiyası keçirilib. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, sakinlər Bundesverin - Almaniya silahlı qüvvələrinin Suriyada anti-İŞİD əməliyyatlarında iştirakına etiraz edib.
Aksiya iştirakçıları əllərində "Bundesverin Suriya müharibəsində iştirakına yox!”, "Bundesverin Suriyadakı missiyasını dayandırın!” kimi şüarlar yazılmış plakatlar tutublar. Məsələ burasındadır ki, bu gün aksiyanın keçirildiyi ərazinin bir neçə yüz metrliyində - Bundestaqda almanların "İslam dövləti” terrorçu qruplaşmasına qarşı koalisiyanın tərkibində iştirakı müzakirə olunub. Almaniya dövlətinin verdiyi hərbi mandat Bundesverin Suriyada missiyasının 31 dekabr 2016-cı il tarixinə kimi davam etməsini nəzərdə tutur. 1200 hərbçinin iştirak edəcəyi missiya ölkəyə 134 milyon avroya başa gələcək. "Tornado” kəşfiyyatçı təyyarəsi və yanacaqdolduran PUA-lardan əlavə, Almaniya Aralıq dənizinə fransız aviadaşıyıcısı "Şarl de Qoll”a dəstək məqsədilə alman freqatı da göndərməyi planlaşdırır.