ABŞ və Qərbi Avropanın bir sıra ölkələrinin liderləri Rusiyaya qarşı sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə razılıq əldə edib. Baki-xeber.com bu barədə "İnterfaks”a istinadən xəbər verir.
Beynəlxalq KİV-in yazdığına görə, qeyri-rəsmi razılaşma G20-nin Antalya Sammitində kuluarlarda əldə olunub, baxmayaraq ki, Sammit çərçivəsində terrorizmlə mübarizədə Rusiya ilə əməkdaşlıq çağırışları da səslənib. Görüşdə ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Britaniya və İtaliya baş nazirləri Devid Kameron və Matteo Rensi, Fransa xarici işlər naziri Loran Fabius iştirak edib.
Mənbələrin məlumatına görə, antirusiya sanksiyalarının uzadılmasına əsas səbəb Ukraynada 2016-cı ildə keçiriləcək seçkilərin normal axarına nail olunmasını təmin etməkdir. Bunun üçün isə Rusiyaya maliyyə və iqtisadi təzyiqin daha bir müddət davam etdirilməsi zəruri sayılır. Eyni zamanda bildirilib ki, sanksiyalar həm də Ukrayna ilə bağlı əldə olunmuş Minsk razılaşmasına tam əməl olunmasına nail olununca davam etməlidir.
Qeyd edək ki, buna qədər Rusiyaya tətbiq olunan sanksiyanın müddəti 2016-cı ilin yanvar ayında bitir.