Belçika paytaxtı Brüsseldə terror təhlükəsinin ən yüksək səviyyəsi olan 4-cü səviyyənin elan edilməsi səbəbindən şəhərdə metro bağlanıb, eyni zamanda bütün kütləvi tədbirlər təxirə salınıb. Baki-xeber.com-un TASS-a istinadə xəbərinə görə, bu barədə Brüsselin burqomistrı İvan Mayer məlumat verib.
Verilən xəbərə görə, Brüsselin STIB nəqliyyat kompaniyası metro stansiyalarının bağlanması xəbərini təsdiqləyib, həmçinin tramvayların yer altından keçən marşrutlarında da gecikmələr ola biləcəyini bildirib. Belçika federal polisi paytaxtda təhlükə səviyyəsinin artması səbəbini şərh etməsə də, ümumilikdə ölkədə terrorun üçüncü səviyyəsinin saxlandığını deyib.
Qeyd edək ki, son həftə ərzində Brüsseldə 30-dan çox antiterror reydi həyata keçirilib və 22 nəfər saxlanılıb. Onlardan 5-i həbs olunub, qalanları isə dindirildikdən sonra sərbəst buraxılıb. Polis Paris terror aktlarında əli olanların, əsasən də hücumda iştirak edən yaraqlılardan biri Brahim Abdessalamın qardaşı Səlah Abdessalamın axtarışlarını davam etdirir. Onların hər ikisi Brüsselin şimal kommunası Molenbekin sakinidir.