İraqda yeni terror aktı baş verib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu gün Bağdadda 10 dəqiqəlik intervalla iki partlayış baş verib.
Birinci partlayış şiə məscidinin yaxınlığındakı küçədə törədilib. Bunun ardınca intiharçı artıq özünü məscidin içində partladıb. Nəticədə 10 nəfər ölüb, 30 nəfər yaralanıb. Ənənəvi cümə xütbəsi zamanı törədilən terrorun sifarışçisinin kimliyi hələlik bəlli deyil. Lakin yerli sakinlər bunu birmənalı olaraq İŞİD-lə bağlayır. Bildirirlər ki, şiələrə qənim kəsilən və zaman-zaman belə hadisələr törədərək Suriya və İraqda şiə müsəlmanların kütləvi ölümünə səbəb olan məhz bu təşkilatdır.
Qeyd edək ki, bu gün səhər saatlarında Mali paytaxtının mərkəzində 10 nəfərə yaxın silahlı Radisson Blu otelində 170 nəfəri girov götürüb. Hadisənin məsuliyyətini "Əl-Qaidə” ilə əlaqəli "Əl-Mirabitun” qruplaşması öz üzərinə götürüb.