Erməni saytı panorama.am-ın xəbərinə görə, ABŞ Konqresinin xarici əlaqələr Komitəsində inkişaf etməkdə olan ölkələrdə qadınların İnternetə çıxış imkanları müzakirə olunub. Nə qədər qəribə də olsa, sayt bu xəbəri yayarkən daim arxalandıqları Qərb mənbələrinə deyil, Azərbaycanın "Turan” informasiya agentliyinə istinad edir. Bildirir ki, Azərbaycanda yalnız 14 faiz (!) qadının İnternetə çıxış imkanı var. Sayt bu məqamda paralellər aparır, Azərbaycanı Afrika ölkələrilə eyni sıraya belə qoymayaraq yazır ki, Yaxın Şərq və Şimali Afrika ölkələrində bu say 35 faiz təşkil edir. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.
Sayt onu da bildirir ki, "Freedom House” təşkilatının "Azad şəbəkə 2015” hesabatına görə, Azərbaycanda yalnız 29 faiz ailə mobil İnternet şəbəkəsinə qoşulub. Əhalinin 40 faizi isə aylıq gəlirinin 21 faizini ayırmalıdır ki, genişzolaqlı İnternetin ən ucuz paketinə əlçatanlığını təmin edə bilsin...
Yəqin oxucular da bizimlə razılaşar ki, Ermənistanın bu "tapıntı”larının yanında "yalan”, hətta "iftira” sözləri belə çox aciz qalır. Çünki bu günə kimi Azərbaycan oxucusu ermənilərin hər cür yalan və iftiralarının şahidi olub, hətta əhəmiyyət verməyəcəyi dərəcədə bu yalanların səslənməsinə öyrəşib də. Lakin bu son deyilənlər o qədər həyasız bir iftiradır ki, balaca uşaq belə qəbul etməz, çünki bu gün Azərbaycanda sadəcə internetsiz ev yoxdur.
Ermənilərin bu çabalarının, təbii ki, səbəbi bəllidir. Elə onların mahiyyəti də. Bir şey bəlli deyil – onların Qərbdəki quyruq bulayanları bu "zəhmət”lərinin qarşılığını necə alırlar? Maraqlıdır...
Baki-xeber.com