Azərbaycan mətbuatı ölkədə baş verən hadisələrə həssaslıqla yanaşır, ancaq təəssüflər olsun ki, bu həssaslıq bəzən hiss olunmur. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bu gün Mətbuat Şurası tərəfindən "Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda "dəyirmi masa”da çıxışı zamanı deyb.
Ə.Amaşov bildirib ki, həm təmas xəttində baş verən hadisələri, həm Milli Məclisə keçirilən seçkiləri və digər hadisələri nəzərə alaraq görürük ki, media öz işini lazımi qaydada yerinə yetirir və həssaslıq nümayiş etdirir: "Ancaq çox təəssüf ki, araşdırma apararkən o həssaslıq bəzən hiss olunmur”.
Ə.Amaşov bildirib ki, yazılı mətbuatla yanaşı xəbər portalları da yaranıb və artıq sosial şəbəkələr də media kimi fəaliyyət göstərməyə başlayıb. Bəzən isə bir sıra xəbər saytları araşdırma aparmadan, imic xatirinə yoxlanılmamış məlumatlar yayırlar: "İkinci tərəfdən bilərəkdən və ya bilməyərəkdən ajiotaj yaradırlar. Üçüncü bir məqam da ondan ibarətdir ki, hadisələr baş verir, mətbuatda üç gün yayılır və bundan sonra hansısa qurumun mətbuat xidməti təkzib verir”.
Ə.Amaşov onu da əlavə edib ki, dövlət qurumlarının mətbuat xidmətləri KİV-ləri vaxtlı-vaxtında məlumatla təmin etmir: "Əslində onların vəzifə borcudur ki, mətbuatı vaxtında məlumatlandırsınlar”.