ABŞ prezidenti Donald Tramp Ankaradan NATO Sammitindən qayıdarkən təyyarəsinin dəyişilməsi məsələsinə aydınlıq gətirib. O deyib ki, bu barədə qərarı Məxfi Xidmət verib.
"Bütün bunlar Məxfi Xidmətdən asılıdır. (...) Mən sadəcə Məxfi Xidmətin və hərbçilərin təlimatlarını yerinə yetirirəm. Onlar mənim fərqli bir uçuşa, fərqli bir təyyarəyə minməyimi istədilər. (...) Mən də elə etdim", - deyə Tramp Ohayodan qayıdarkən jurnalistlərə bildirib. Daha öncə "The New York Times" qəzeti mənbələrə istinadən bildirib ki, Tramp iyul ayında NATO sammitindən sonra təhlükəsizlik səbəbləri ilə Türkiyədən gizli şəkildə çıxarılıb və hətta bəzi işçilərinin də bundan xəbəri olmayıb. Onların məlumatına görə, Amerika lideri 8 iyulda Türkiyəni hərbi təyyarə ilə tərk edib və hava limanlarında təyyarələrə yemək çatdırmaq üçün istifadə edilən xüsusi yükləyicidən istifadə edilərək oradan “daşınıb”. Qəzetin mənbələri qeyd edib ki, bu tədbirlər "Trampa və Air Force One-a qarşı İrandan gələn təhdid" səbəbindən görülüb. Mənbələr bildirib ki, Tramp Türkiyəyə Qətər tərəfindən hədiyyə edilən yeni prezident təyyarəsi ilə uçub. Lakin sammitdən sonra o, kameralar və jurnalistlərin qarşısında köhnə Air Force One təyyarəsinə minib. Qəzetin mənbələrinə görə, o, sonda bu təyyarə ilə Böyük Britaniyaya uçmayıb. Daha sonra, NYT-nin məlumatına görə, işçilər gizli şəkildə Trampı xüsusi konteynerdə təxliyə ediblər və onu üçüncü təyyarəyə keçiriblər və təyyarə Böyük Britaniyaya yola düşüb. Qeyd olunur ki, jurnalistlər və Trampı müşayiət edən bəzi Ağ Ev işçiləri bu əməliyyatdan xəbərsiz olublar. Qeyd edək ki, NATO sammiti 7-8 iyul tarixlərində Türkiyənin paytaxtında keçirilib. Ankarada keçirilən mətbuat konfransında Tramp İran hakimiyyətinin ona sui-qəsd cəhdi edə biləcəyindən narahatlığını bildirib.
SAMİRƏ