Avqustun 16-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak edib. Mərasimdə çıxış edənlər gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər. Əsgərlər də öz növbəsində hərbi anda son nəfəsədək sadiq qalacaqlarına əmin ediblər.
Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlər hərbi hissələrdə yaradılmış şərait lə tanış olub.