ÇXR hökuməti kiberməkan administrasiyasının tələbilə Tyantszin partlayışı ilə bağlı şayiələr yaydığı iddia olunan 50 saytın fəaliyyəini dayandırıb. Bu barədə baki-xeber.com "Sinxua” agentliyinə istinadən bildirir. Nəzarət orqanı 18 saytın tamamilə bağlandığını, 32 portalın işinin isə müvəqqəti dayandırıldığını bəyan edib. Administrasiya yetkililərinin sözlərinə görə, onların hamısı Tyanszində baş verən partlayış barədə təsdiq olunmamış informasiyalar, eyni zamanda ərazidə başıpozuqluğun, talanların baş alıb getdiyi barədə şayiələr yaymaqla situasiyanın neqativ hal almasına təsir göstəriblər.
15 avqust tarixində sözügedən administrasiya sosial şəbəkələrdə 360 akkauntu da bağlayıb. İddia olunduğuna görə, burada istifadəçilər Tyanszin şəhərində ticarət mərkəzlərinin talandığı, partlayışda 1000 nəfərin öldüyü, həmçinin şəhər rəhbərliyinin dəyişdiyi barədə həqiqətə uyğun olmayan xəbərlər yayıb.
Qeyd edək ki, partlayış nəticəsində ölənlərin sayı, bu günə olan məlumata görə, 112 nəfərə çatıb, azı 721 nəfər yaralanıb. 95 nəfər itkin düşmüş sayılır. 6300 sakin isə evlərini tərk edib.
Xatırladaq ki, Pekinin cənub-şərqində yanğınla müşayiət olunan partlayışlar 12 avqustda baş verib. Partlayışa liman ərazisində partlayıcı maddələrin konteynerində detonasiyanın baş verməsinin səbəb olduğu ehtimal edilir. Çin seysmoloqlarının qiymətləndirməsinə görə, ilk partlayışın gücü 21 ton trotil ekvivalentində olub. Bundan sonra daha bir neçə partlayış baş verib ki, onlar elə də güclü olmayıb.