Şimali Koreya, onun sərhədləri yaxınlığında beynəlxalq hərbi təlimlər başlayarsa, qeyri-ənənəvi formada tədbir görüləcəyini açıqlayıb. Bu barədə baki-xeber.com CNN-ə istinadən xəbər verir. Bu halda Pxenyan görünməmiş silahla qarşılıq verəcəyini bildirib. "KXDR ABŞ-ın nüvə silahlarının qarşısına tüfənglə çıxmayacaq. Biz artıq məğlubedilməzik və dünyaya bəlli olmayan hücum və müdafiə silahlarına sahibik”- deyə ölkənin xalq müdafiə komitəsinin sözçüsü bildirib. Şimali Koreyanın dövlət televiziasının aparıcısı isə efirdən "Birləşmiş Ştatlar materiklərinin təhlükəsizliyini istəyirsə, dərhal hərbi təlimləri dayandırmalıdır”- çağırışını edib.
Qeyd edək ki, 17 avqustda Cənubi Koreya ABŞ və digər ittifaq üzvlərinin iştirakı ilə hər il keçirilən təlimlərin icrasına başlamağı planlaşdırır. Pxenyanın bu ritorikası isə hər bu təlimlər öncəsi səslənir. "Təlimlər şəffafdır, müdafiə xarakterlidir və Cənubi Koreya və regionun hərbi hazırlığının gücləndirilməsi məqsədi daşıyır”- deyə Dövlət Deparamentinin səlahiyyətlisi bildirib.
Şimali Koreya 27 iyulda yarımadada 3 il sürərək 1953-cü ildə başa çatan, ABŞ üzərində qələbə adlandırdığı müharibənin bitməsinin ildönümünü qeyd edir. Bu il bayram törənində hakimiyyət vətəndaşlarını Vaşinqtonla hərbi konfliktə hazır olmağa çağırıb. 21 iyulda isə ölkə XİN nümayəndəsi bəyan edib ki, Pxenyan nüvə proqramının dondurulması məsələsinin müzakirəsində maraqlı deyil. Onun sözlərinə görə, bu məsələdə ölkəsini İranla müqayisə etmək olmaz, çünki ölkəsi "hər il sərhədləri yaxınlğında hərbi təlimlər keçirilməklə provokasiyaya çəkilir”.
Onu da bildirək ki 1950-1953 Koreya müharibəsinin ardından sülh sazişi bağlanmadığı üçün KXDR və Koreya Respublikası formal şəkildə müharibə şəraitində sayılır.