Azərbaycandan əkinçiliklə məşğul olan və sonradan hər şeyini sataraq velosipedlə dünyanı gəzmək üçün yola çıxan 37 yaşlı Azərbaycan vətəndaşı Ramil Ziyadov Misirdə saxlanıb. Üzərində olan 400 dollara əl qoyulduqdan sonra isə sərbəst buraxılıb.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, dünən Qahirədən İstanbula gələn Ziyadov jurnalistlərə açıqlamasında Türkiyə və Azərbaycan bayraqlarına görə saxlandığını deyib. Onun sözlərinə görə, saxlandığı vaxt velosipedinin üzərində Türkiyə və Azərbaycan bayraqları olub.
Misirə avqustun 11-də gedən R.Ziyadov iki gün sonra Misirdən Liviyaya gedərkən hərbçilər tərəfindən Bahri çölündə üstünə silah çəkildiyini və sərbəst buraxılması qarşılığında üzərində olan 400 dollar pulunun alındığını bildirib.
R.Ziyadov Misirdə Türkiyə və Azərbaycan bayraqlarını açdığı üçün casus kimi rəftarı gördüyünü bildirib: "Məni casus olmaqda günahlandırdılar və Qahirəyə apardılar, bir gün nəzarətdə qaldım. Misir artıq mənim üçün bitmişdir. Yoluma qaldığım yerdən davam etmək istəyirəm amma Misirə bir daha getməyəcəyəm”.
R.Ziyadov Misirdə Türkiyə və Azərbaycan səfirlikləri işləmədiyinə görə kömək ala bilmədiyini deyib.