Rusiya və Almaniya XİN başçıları Sergey Lavrov və Frank-Valter Ştaynmayer Donbasda atəşkəs rejiminin mütəmadi pozulmasından narahatlıqlarını bildiriblər. Bu barədə baki-xeber.com PİA "Novosti”yə istinadən xəbər verir. Hər iki XİN rəhbəri dünən baş tutan telefon danışığında bunu istər insan tələfatı, istərsə də infrastrukturun dağılması kimi ciddi nəticələrə səbəb olması baxımından yolverilməz sayıb.
"Lavrov və Ştaynmayer "normand formatı” çərçivəsində tezliklə razılığın əldə olunması, Şirokinonun silahsızlaşdırılması və ağır texnikanın ərazidən çıxarılması barədə fikirlərini bildiriblər. Rusiya tərəfi Kiyevin bu məsələyə qeyri-konstruktiv yanaşmasından narahatlığını ifadə edib”- deyə Rusiya XİN-in saytındakı açıqlamasında bildirilir. Nazirlər Minsk razılaşmasının qeyd-şərtsiz yerinə yetirilməsinin, eyni zamanda Kontakt qrupu və onun işçi qrupları çərçivəsində danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar.