ABŞ rəhbərliyi "İslam dövləti” terrorçu qruplaşmasının İraqda kürdlərə qarşı kimyəvi silahdan istifadə etməsindən şübhələnir. Bu barədə baki-xeber.com The Wall Street Journal-a istinadən xəbər verir. Yüksək çinli məmurlar ehtimal edir ki, cari həftə ərzində kürdlər üzərinə edilən ardıcıl hücumlarda terrorçu qrup ipritdən (xardal qazı) istifadə edib. İŞİD terrorçularının ipriti Suriyadan əldə etdiyi də ehtimallar sırasındadır. Bu ölkənin rəhbərliyi 2013-cü ildə zəhərli maddələrin saxlandığını etiraf etmişdi və bundan sonra kimyəvi silahlarım məhvi prosesinə başlanmışdı. "Bu, ağlabatan versiyadır”- deyə məmurlardan biri bildirib. Eyni zamanda terrorçuların ipriti İraqın özündən əldə etməsi də istisna olunmur. Amerika xüsusi xidmətinin artıq bu məsələnin araşdırılması ilə məşğul olduğu bildirilir.
İŞİD-in kürd peşmərgələrinə qarşı kimyəvi silah işlətməsi barədə ilk dəfə Bundesver 13 avqustda xəbər verib. Hücum İraqın şimalında gerçəkləşib. Gələn xəbərlərə görə, 60 nəfər xəsarət alıb – döyüşçülərdə ciddi nəfəs çatışmazlığı problemi baş qaldırıb. Məsələni yerində araşdırmaq üün Bağdaddan bölgəyə xüsusi ekspert qrupu ezam olunub. Daha əvvəl kürd xalq özünümüdafiə dəstəsinin nümayəndəsi Redur Xəlil bildirmişdi ki, yaraqlılar "əldədüzəlmə kimyəvi silahlardan” istifadə ediblər. Onun sözlərinə görə, qazın təsiri altına düşənlər ciddi xəsarət almayıb və vaxtında xəstəxanaya çatdırılıb.
11 iyun tarixində The Independent Avstraliya kəşfiyyatıa istinadən xəbər vermişdi ki, İŞİD qüvvələri "Çirkli bomba” hazırlamaq üçün yetərli miqdarda radioaktiv material əldə ediblər. Bu səbəbdən terrorçu qruplaşmanın bioloji və ya radioaktiv silah hazırlaya bilməsi ehtimalı yüksək qiymətləndirilir. Ötən ilin dekabrında isə Suriya hökuməti yaraqlı qruplaşmaların sənaye obyektlərindən xlor tərkibli maddələri ələ keçirməsi barədə kimyəvi silahları qadağan edən təşkilatı xəbərdar etmişdi.