Bu gün günorta saatlarında Londonun Kinqs-kross dəmiryol vağzalında həyəcan yaşanlb. Baki-xeber.com-un Rusiya KİV-nə istinadən xəbərinə görə, həmin saatlarda vağzaldakı nəqliyyat polisi şübhəli şəxsi saxlayıb. Dərhal sərnişinlər vağzaldan evakuasiya olunub. London nəqliyyat polisinin nümayəndəsi bunu təhlükəsizlik tədbirlərilə əlaqələndirib. "Britaniya nəqliyyat polisinin zabitləri ərazidədir. İnsidentlə bağlı araşdırma aparılır”- deyə o, əhaliyə məlumat verib.
Öz növbəsində, sözügedən xidmətin tvitter səhifəsində aşağıdakı bildiriş yer alıb:”Vağzalda bir neçə platforma hələ də bağlıdır. Tərəfimizdən təhlükənin aradan qaldırılması istiqamətində işlər davam edir. Lütfən, vağzal əməkdaşlarının və polis zabitlərinin təlimatlarına əməl edin”. Hadisənin şahidi olan sərnişinlərin bildirdiyinə görə, çoxlu sayda asayiş keşikçisi yerli vaxtla saat 15:45-də bir kişini mühasirəyə alıb. Onun kimliyi və nəyə görə saxlandığı barədə hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, baki-xeber.com bu günlərdə Britaniya mətbuatına istinadən İŞİD-in avqustun 15-də - Britaniyanın Yaponiya üzərində qələbəsinin ildönümündə Londonda terror aktı həyata keçirmək planinin təsadüf nəticəsində hüquq-mqhafizə orqanlarınna bəlli olduğu barədə xəbər vermişdi. O üzdən versiyalar arasında sözügedən ehtimal da istisna olunmur.