Suriya ordusu Hələb şəhəri yaxınlığındakı "Kuveyris” hərbi-hava bazasına hücuma keçən İŞİD terror qruplaşmasının 200-dən çox silahlısını məhv edib. APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Sputnik” agentliyi məlumat yayıb. "Aerodromun müdafiəçiləri hücumu dəf edərək ön müdafiə xəttini möhkəmləndirməyə müvəffəq olublar. Biz düşmənin 5 tankını vurduq. Hücum edənlərin bir qismi əsir götürüldü, əksəriyyəti xarici muzdlu olan 200-dən çox silahlı öldürüldü”, deyə mənbə bildirib. Mənbənin sözlərinə görə, mühasirədə olan "Kuveyris” hərbi-hava bazası ilk dəfədir ki bu cür güclü hücuma məruz qalıb. Terrorçular gecə vaxtı hücuma keçib. Qızğın döyüş zamanı bir general və iki yüksək rütbəli zabit daxil olmaqla 100-dək suriyalı hərbçi həlak olub.