Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür

Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür. O, 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib.
1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun çəkmir və 1877-ci il sentyabrın 29-da nəşri dayandırılır.
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.
Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyib. 1907-ci il noyabrın 28-də vəfat edib və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb. Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.
Mətləb Salahov