İsrail İranda hərbi əməliyyatların tezliklə sona çatacağını bildirir

“İsrail ABŞ-a İrana qarşı iyunun 13-də başlayan hərbi əməliyyatı yaxın gələcəkdə dayandırmaq niyyəti barədə məlumat verib, lakin bildirilir ki,son müddət Tehranın gələcək addımlarından asılıdır” – Bu barədə İsrail rəsmiləri bildirib. Bildirilir ki, Təl-Əviv hazırkı kampaniyaya son qoymaq fikrindədir və İranla eskalasiyanın qarşısını alacaq strategiya hazırlamağa çalışır. İsrailin milli təhlükəsizlik müşavirinin keçmiş müavini Eran Lerman deyib: "Biz hələ son məqsədə çatmamışıq, lakin bu, çox güman ki, həftələr deyil, günlər məsələsidir. İsrailin nöqteyi-nəzərindən əməliyyatın sonu yaxındır". Onun sözlərini üç İsrail rəsmisi də təsdiqləyib.
İsrailin Am Kelavi əməliyyatı İranın Fordo, Natanz və İsfahan da daxil olmaqla nüvə obyektlərinə, həmçinin hərbi komandanlıq mərkəzlərinə və raket anbarlarına qəfil zərbələr endirməsi ilə başlayıb. Bu zərbələr nəticəsində İsrail İranın hava hücumundan müdafiə vasitələrinin çoxunu məhv edib, Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri də daxil olmaqla, əsas hərbi komandirləri öldürülüb və Natanzda minlərlə sentrifuqanı zədələməklə onun nüvə proqramını iflasa uğradıb. İsrail ordusunun sözçüsü Effie Defrin'in sözlərinə görə, kampaniyanın məqsədi "İranın nüvə və ballistik raket təhdidini aradan qaldırmaq" idi, baxmayaraq ki, Baş nazir Benyamin Netanyahu Tehranda rejim dəyişikliyini uzunmüddətli hədəf kimi dəyərləndirirdi.
Bu arada Tehran ABŞ-ın Qətərdəki Əl Udeid bazasına hücum edərək 14 raket atıb, onlardan 13-ü ələ keçirilib. ABŞ prezidenti Donald Tramp İranın cavabını “zəif” adlandırıb və itkilərin qarşısını alan xəbərdarlığına görə Tehrana təşəkkür edib. İyunun 21-də ABŞ GBU-57 bombalarından istifadə edərək Fordo da daxil olmaqla İranın üç nüvə obyektini vurdu və Tramp bunu İranın nüvə proqramının “tam məhvi” adlandırıb.
Surxay Əliyev