Hrant Dinkin qızı Paşinyana Ermənistanın Türkiyədə diplomatik nümayəndəliyini açmağı təklif etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyədəki erməni icmasının nümayəndələri ilə görüşündə “Aqos” türk-erməni həftəlik qəzetinin qətlə yetirilmiş baş redaktoru Hrant Dinkin qızı Delal Dink çıxış edib:- "Bu dialoqun baş tutması və sizin şəxsən burada, Türkiyədə olmanız bizim üçün böyük əhəmiyyət kəsb edir", - deyə Hrant Dinkin qızı Ermənistanın baş nazirinə müraciət edib. O, Paşinyanın Türkiyə səfərini tarixi səfər adlandırıb və onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etmək niyyətinin vacibliyini vurğulayıb: "Biz qonşu ölkələrik və sülhün vacibliyini xüsusilə dərk etdiyimiz bir dövrdə yaşayırıq. Başa düşürük ki, problemləri bir dəqiqəyə həll etmək olmaz, amma əsas məsələ dialoqdur". Delal Dink konkret təklif də səsləndirib:
"Mən bir təkliflə çıxış etmək istəyirəm. Türkiyədə yaşayan xeyli sayda Ermənistan vətəndaşı var ki, onların ciddi problemləri var: yeni doğulmuş sənədsiz körpələr var, tibbi yardıma ehtiyacı olan xəstələr var. Burada diplomatik nümayəndəliyə - səfirlik və ya konsulluğa ehtiyac var ki,bu qurum onlara dəstək verə bilsin".
Surxay Əliyev