"Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirə bilər". Bunu Milli Məclisin cümə günü keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib.
Maraqlıdır, xaricdən gətirilən dərmanın miqdarı necə müəyyən ediləcək?
“Onlayn sifariş verilərkən və ya xaricdən kimsə gələrkən lazım olan dərmanın sərbəst şəkildə ölkəyə gətirilməsinə icazə verilməlidir”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, fiziki şəxslərin özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirməsi yalnız resept əsasında mümkün olacaq: “Ola bilər ki, dərmanın təyinatı uzun müddətli olsun. Belə olan halda illik və ya bir neçə ay müddətində xəstənin dərmanı qəbul etməsi reseptdə xüsusi qeyd edilməlidir ki, gömrükdə problem yaranmasın. Çünki normadan çox dərmanın gətirilməsinə icazə verilmir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün ölkədə çoxlu sayda dərman tapılmır. Bu danılmaz faktdır. Belə olan halda insanlar xaricdən lazım olan dərmanı gətirər: “Ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatlarını rahat şəkildə alıb gətirə bilər. Həmçinin, bu gün Azərbaycanda dərmanların satış qiyməti qonşu ölkələrlə müqayisədə qat-qat yüksəkdir. Insanlar 70-100 manata burdan dərman almaqdansa, xaricdən onu 15-35 manata rahat şəkildə əldə edir. Fiziki şəxslərin özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirməsi maddi vəziyyət baxımından da vətəndaşlara sərf edəcək”.
Ekspert hesab edir ki, fiziki şəxslərin özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirməsi qaydası tək resept əsasında müəyyən olunmamalıdır. Belə ki, onlayn sifariş verilərkən və ya xaricdən kimsə gələrkən lazım olan dərmanın sərbəst şəkildə ölkəyə gətirilməsinə icazə verilməlidir.
Günel CƏLİLOVA