30/01/2023 02:22
728 x 90

8 noyabr qələbəsi Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzuna necə təsir göstərdi

Azər Həsrət: “Hətta aparıcı hərbi qüvvələri olan dünya dövlətləri Azərbaycanın hərbi təcrübəsini öyrənmək istəyir”

img

İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun  qələbəsi və işğal olunmuş torpaqları azad etməsi tariximizə qızıl hərflərlə yazıldı. Bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı ilə yanaşı, Prezident İlham Əliyevin misilsiz diplomatiyası əhəmiyyətli rol oynadı. Bu qələbənin istər hərbi, istərsə də diplomatik aspektləri hazırda dünya ekspertləri tərəfindən ciddi şəkildə araşdırılmaqdadır. İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxardı. Ölkəmiz nəinki regionda, eləcə də beynəlxalq aləmdə tamamilə yeni bir reallıq yaratdı.

“Dünyanın aparıcı ölkələri artıq Azərbaycanla hesablaşır, ölkəmizin istənilən mövzuda mövqeyini öyrənir”

Qarabağ Zəfərinin Azərbaycanın dünyadakı rolu, mövqeyi və beynəlxalq təşkilatlardakı nüfuzuna necə təsir etməsi barədə fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Qarabağ zəfəri Azərbaycanın bir dövlət kimi özünü təsdiq etməsində önəmli addım oldu: “Zəfər qazanan Azərbaycan dövləti dünyaya göstərdi ki, balaca dövlət olmağımıza baxmayaraq, işğal altında olan torpaqları öz qolunun gücünə azad etməyə qadirdi. Biz həm də dünyaya göstərdik ki, ədalətli davamızda sonacan mübarizə aparmağa hazırıq. Bunu Qarabağ müharibəsində sübut etmiş olduq. Ötən iki il ərzində dünya ölkələrinin Azərbaycana münasibəti dəyişib. Dünyanın aparıcı ölkələri artıq Azərbaycanla hesablaşır, ölkəmizin istənilən mövzuda mövqeyini öyrənir. Ümumiyyətlə, dünyanın bütün ölkələri çalışır ki, Azərbaycanla yaxın olsun. Hətta aparıcı hərbi qüvvələri olan dünya dövlətləri Azərbaycanın hərbi təcrübəsini öyrənmək istəyir. Məlumatlara görə, son iki il ərzində bir sıra xarici ali təhsil müəssisələrində Azərbaycanın Zəfər qələbəsi ilə bağlı araşdırmalar aparılır, dərslər keçirilir. Bu, Azərbaycanın dövlət kimi dünyada mövqelərinin möhkəmlənməsinin bariz nümunəsidir”.

Günel CƏLİLOVA

 

Peşə etikası

Son xəbərlər