Dərsliklər bazarında yeni dönəm başlayır - ƏDV-nin ləğvi daha ucuz dərsliklər dövrü ola bilər...

Kamran Əsədov: “Kağız daşıyıcılarının ƏDV-dən azad olunması dərsliklərin satış qiymətinə müsbət təsir göstərəcək”

img

Azərbaycan Respublikası Baş nazirinin imzaladığı müvafiq qərarla ölkəmizdə kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.  İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısında kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları, kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr qeyd olunub.

Məlumdur ki, son vaxtlar dərsliklərin keyfiyyəti, onların hazırlanması ilə bağlı problemlər yaşanırdı.

Maraqlıdır, bu qərar dərslik çapının inkişafına necə təsir edəcək?

“Kağız daşıyıcılar üzərində ənənəvi dərsliklərin satış qiyməti çox bahadır, adi orta məktəb dərsliyinin qiyməti azı...”

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, pandemiya ilə əlaqədar olaraq onlayn dərslərə keçid insanları elektron resurslardan istifadəyə yönəltdi: “Pandemiyadan əvvəl uşaqlar kağız daşıyıcılar üzərində olan dərsliklər oxuyurdu. Ancaq son illər bu sahədə azalma müşahidə olunur. Təhsil alanlar daha çox elektron dərsliyə üstünlük verir”.

Həmsöhbətimiz hesab edir ki, kağız dərslikdən elektron dərsliyə keçid bir sıra mənfi tendensiyaların yaranmasına səbəb oldu. İlk olaraq kitabların qiyməti artdı: “Danılmaz faktdır ki, kağız daşıyıcılar üzərində ənənəvi dərsliklərin satış qiyməti çox bahadır. Adi orta məktəb dərsliyin qiyməti azı 7-10 manat arasında dəyişir. Bu da hər kəsin büdcəsi üçün uyğun deyil. Kağız daşıyıcıların ƏDV-dən azad olunması dərsliklərin satış qiymətinə müsbət təsir göstərəcək. Məlumat üçün bildirim ki, bu gün Azərbaycan dünyada kitab oxuyanlar arasında sonuncu yerdə qərarlaşıb. Kitab alışı günü-gündən azalır. Yalnız abituriyent vəsaitləri alıb oxuyurlar”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər